Ümumi məlumat
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası Azərbaycan Respublikası Prezidentinin 29 mart 2018-ci il tarixli 3851 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan qorunması, belə təhdidlərin qabaqlanması, qarşısının alınması və araşdırılması sahəsində fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təmin etmək məqsədi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2019-cu il tarixli, 535 nömrəli Fərmanı ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə təsdiq edilmişdir.
Komissiyanın əsas vəzifələri informasiya təhlükəsizliyi, habelə ölkədə kibercinayətkarlıqla bağlı əsas təhdid və risklərin müəyyən olunması, qiymətləndirilməsi və gələcək təhdidlərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillər aparmaq, təkliflər hazırlamaq və bu sahədə aparılan işlərin əlaqələndirilməsini təmin etməkdən, informasiya təhlükəsizliyi, o cümlədən kibertəhlükəsizlik sahəsində mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması məqsədilə müvafiq dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılmasını və həyata keçirilməsini təşkil etməkdən, ölkədə informasiya təhlükəsizliyinin təmin olunması və kibercinayətkarlıqla mübarizə sahəsində fəaliyyət göstərən qurumlar arasında operativ və səmərəli məlumat mübadiləsini təşkil etmək, qarşılıqlı əməkdaşlığı genişləndirməkdən və sairdən ibarətdir.
Komissiyanın tərkibi, sədri və üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komissiyanın cari fəaliyyətinin təşkili Komissiyanın Katibliyi tərəfindən həyata keçirilir.
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 may 2025-ci il tarixli 591 nömrəli Sərəncamı ilə Komissiyanın tərkibi yenidən formalaşdırılmış, Komissiyaya sədrlik Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinə həvalə edilmişdir.
Sözügedən Sərəncamla katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir.